Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Damcılı mağarası

Daş Salahlı kəndindən Xram çayına qədər uzanan, Avey dağının cənub-şərqində Yataq yeri adlanan ərazidə yerləşən Damcılı mağarasının sahəsi 360 kv.m, uzunluğu 17 metrdir. Aveydağ mağaralar qrupunda ən irisidir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. 1957-1958-ci illərdə burada əsaslı arxeoloji qazıntı işləri aparılmış, qiymətli maddi mədəniyyət nişanələri aşkar edilmişdir. Mağaradan qarışıq təbəqədən 8 mindən artıq arxeoloji material, daş kəsici alətlər, müxtəlif heyvanlara aid sümüklər, kül izləri tapılıb. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Diametri 2 metrə yaxın ocaq yerindən xeyli əşya və qırıntılar əldə edilmişdir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü Mezolit dövrü və Neolit dövrünə aiddir. Bütün bunlar qədim qazaxlıların yaşayış tərzi, məşğuliyyətləri və bir insan toplumu kimi inkişaf səviyyələri barədə bilgi verir.