Qala Qazax şəhərindən 5 km
aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə
yerləşir. İrəvandan Qazağa səmtlənən qədim karvan yolun
qırağındadır.
Xalq arasında qalaya Koroğlu qalası da
deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı
mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha
inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub
və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə
mənasındadır. Gözətçi məntəqəsi mənasını verir.
Planda qala dairə şəkilindədir. İri qaya parçalarından örülmüş qalanın
hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların
eni aşağıda 1 metr, yuxarıda - 0,5 metrdir. Qalanın iç
hissəsi boşdur. Lakin divarların bəzi yerlərində
mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar
qalmışdır. Güman edilir ki,
qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin
ortalarınadək bura ziyarətgah olub. Dəlican yolu tərəfə
istiqamətlənən müşahidə dəlikləri tikintinin məhz müşahidə,
gözətçi qalası olduğunu sübut edir. Analoji müşahidə
qalaları Coqaz çayın sahilində və Cəfərli kəndin
yaxınlığında da var. |
|