Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Sarıtəpə qədim yaşayış məskəni

Sarıtəpə qədim yaşayış məskəni Qazax şəhərinin qərb qurtaracağında yerləşən kərpic zavodunun həyətində qərarlaşıb. Abidə 100 metr diametrində və 10 metr hündürlüyündə olan bir təpədən ibarətdir. 1956-1958 illərdə abidədə Azərbaycan Elmlər Akademiyasının arxeoloji ekspedisiyası qazıntılar aparıb. Sarıtəpə yaşayış yeri tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərində meydana gəlmiş və e.ə. I minilliyin sonunu rübünədək burada yaşayış davam etmişdir.

Tədqiqatçılar müəyyən etmişlər ki, e.ə. VII əsrdə Sarıtəpədə yanğın baş vermişdir. Burada yanğından əmələ gəlmiş təbəqənin qalınlığı 0,7 metrə qədərdir. Həmin təbəqədən aşkar edilmiş binaların inşasında çay daşından, saman qarışıq palçıqdan və ağacdan istifadə edilmişdir. Binaların tavanı və divarları saman qatışıq gillə suvanmışdır. Tavanı saxlamaq üçün divar boyu yerə basdırılmış dirəklərin oyuqları aydın şəkildə seçilir. Tədqiqatçıların fikrincə binaların üstü küləşlə örtülmüşdür. Arxeoloji qazıntılar zamanı Sarıtəpədə xeyli təsərrüfat və dini xarakterli binalar aşkara çıxarılmışdır. Öyrənilmişdir ki, bu abidələri öz xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, bütün ictimaiyyətə məxsus olmuşdur. Alimlərin əksəriyyəti Sarıtəpəni böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər. Burada tapılan iki sütun altlıqları bütün Qafqaz üçün unikal sayıla bilər. Onlar bir çox əlamətlərinə görə qədim İranın Suza və Persepolis şəhərlərindəki memarlıq abidələrinə oxşardır. Beləliklə Yaxın Şərq analoqlarına uyğun olaraq Sarıtəpədən üzə çıxarılan sütun altlıqları e.ə. V-IV yüzilliklərə aid etmək olar.

Sarıtəpənin bina qalıqlarından birinin yaxınlığından yerə basdırılmış 14 küp aşkar edilmişdir. Küplər iri həcmli, qabarıq gövdəli, geniş ağızlı olub, qulaqcıqlarla bəzəklidir. Sarıtəpənin gil qabları narın gildən, yapma üsulu ilə və ya dulus çarxında hazırlanmış çoxlu qara rəngli gil qablardan ibarətdir. Qablar çox incə şəkildə cilalanmış və üzəri cızma və ya yapma üsulu ilə naxışlanmışdır. Qabların qulpu əsasən zoomorf formada hazırlanmışdır.

Sarıtəpədən həmçinin xeyli miqdarda dördkünc və dairəvi formalı möhürlər də tapılmışdır. Möhürlərin işlək üzündə sadə və mürəkkəb motivdə günəş simvolu olan çərxi-fələk (svastika) nişanları təsvir olunmuşdur.

Qazıntılar zamanı məişətdə işlədilən daş və sümük alətlərə də təsadüf edilmişdir. Burada gildən hazırlanmış heyvan başlarının fiqurları tapılmışdır. Azərbaycanın digər həmdövr abidələrində olduğu kimi Sarıtəpədə də metal əşyalar az tapılmışdır. Buradan tuncdan hazırlanmış Cənubi Qafqaz tipli ox ucluqları, at fiquru formasında asma və digər əşyalar əldə edilmişdir.