Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Əhməd Yusif oğlu Seyidov (1882-1977)

Əhməd Yusif oğlu Seyidov 1882-ci ildə Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. Erkən atasını itirmiş və anasının himayəsində böyümüş və təhsil almışdı. Əhməd Seyidov Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmiş (1917), kənddə, evlərinin ikinci mərtəbəsində qızlar və oğlanlar üçün məktəb açmışdı. Və ilk “Əlifba” dərsliyini də gözəl maarifçi, şair K.Sanılı ilə birgə yazmışdı. Otuzuncu illərdə Bakıya gəlmiş, az sonra onu Lənkəran qəzasına maarif müdiri göndərmişdilər. Bu bölgədə müdir kimi təhsilin təşkilində, xüsusilə yetim uşaqların məktəbə cəlb olunmasında əməyini əsirgəməmişdi.

Yenidən Bakıya qayıtmış, Azərbaycan Pedaqoji İnstitutunda “Pedaqogika” kafedrasına 40 il rəhbərlik etmişdir. Professor Əhməd Seyidov elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmiş və bu sahədə misilsiz iş görmüşdür. Qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, vaxtilə SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında milli irsimizi yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov, D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər. Müharibə illərində Ə.Seyidova APİ-nin rektorluğunu təklif edirlər. O vaxt Maarif Komissarı olan Mirzə İbrahimov M.C.Bağırovun bu tapşırığını çatdıranda Əhməd Seyidovdan “Mirzə müəllim, mən kommunist deyiləm", "bunu MK-da bilirlər” cavabını alır. Ə.Seyidov 1941-1949-cu illərdə bu vəzifəni daşıyır.

Professor Ə.Seyidov pedaqoji fikir tarixinin “məktəb”ini yaradan, onu inkişaf etdirən bir alim idi. Sovet rejimində, klassiklərimizə hörmət qoyulmayanda, hər şeyi rus şovinizminə bağlayan vaxtda Nizami və Füzulini orijinaldan araşdırdı, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirı, Mirzə Cəlili pedaqogika dərsliklərinə gətirdi. “A.Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır”, “A.Bakıxanovda əxlaq tərbiyəsi və təhsil”, “S.Ə.Şirvani müəllimin rolu haqqında”, “XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı” əsərlərini çap etdirdi. Firudin bəy Köçərlinin pedaqoji görüşlərini tədqiq etməklə öz müəlliminə borcunun sanki bir qismini qaytardı.

Otuzuncu illərdən Professor Ə.Seyidov milli pedaqoji fikir tariximizi araşdırıb, klassiklərimizdən A.A.Bakıxanov, M.Ş.Vazeh, H.B.Zərdabi, M.F.Axundov irsinə də müraciət etdi. Bununla yanaşı, dünya pedaqoqlarından Con Lokku, K.D.Uşinskini, S.Disterveqi, J.J.Russonu, N.Pestalotsini və başqalarını araşdırdı. Ə.Seyidov Moskvaya məşhur akademik Y.M.Medinskinin yanına gəlir və ingilis Con Lokku dissertasiya mövzusu kimi tədqiq etmək fikrini ona söyləyir. Bu söhbətdən sonra Əhməd Seyidov Abbasqulu ağa Bakıxanovun pedaqoji irsini layiqincə tədqiqata qoşdu və ilk dəfə pedaqoji elmlər namizədi dissertasiyasını müdafiə etdi. Sonra “Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri” mövzusunda doktorluq işini başa çatdırdı (1945) və az sonra (1947) uğurla müdafiə etdi. Ə.Seyidov 1958 və 1970-ci illərdə çoxcildlik “Pedaqogika tarixi” və “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” monoqrafiyalarını qələmə aldı. Bu gün də həmin əsərlərdən bir dərslik kimi ali məktəblərdə istifadə olunur.

Qonşu respublikaları qabaqlayan professor Əhməd Seyidov artıq ittifaq miqyasında tanınmalı oldu. Məşhur rus akademiki Y.Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir: “Ə.Seyidovun tədqiqatı, şübhəsiz, bir başlanğıcdır. Bundan sonra SSRİ-nin ayrı-ayrı xalqlarının pedaqoji fikirlərinin inkişafını işıqlandırmaq məqsədini daşıyan dissertasiyalar yazılmalıdır. Bu səpkili elmi işlər pedaqogika tarixini zənginləşdirməkdə çox şey verir, yeni məsələlər qaldırır, hətta pedaqogika sahəsində çalışan təcrübəli işçilərin görüş dairəsini genişləndirir”.

Ə.Seyidov güclü şəxsiyyət idi və heç bir siyasi-əxlaqi mühit, hakim elita onun əqidəsini az da olsa, əyə bilməmişdir. Ermənilərin tüğyan etdikləri vaxtda, M.C.Bağırovla üzbəüz görüşündə də bu millətçi və yaltaq fərdləri ifşa etmiş, haqlı olduğu üçün qalib çıxmışdır. Azərbaycan Pedaqoji İnstitutunun direktoru vəzifəsində çalışarkən milli müəllim kadrların yetişməsində erməni partiya funksionerlərin amanını kəsmiş, küncə sıxışdırmışdır. Unutmayaq ki, bu proses 46-48-ci illərdə baş vermişdir. Professor Əhməd Seyidov “Pedaqogika” kafedrasının müdiri olarkən bu mərkəzin səviyyəsini nəinki institutda, hətta o vaxtkı SSRİ respublikalarının pedaqogika kafedraları sırasında fərqləndirmişdir. Hər il Zaqafqaziyadan, Moskvadan, Daşkənddən, Düşənbədən təcrübə mübadiləsinə (stajirovkaya) onlarca pedaqoq gəlirdi.

Görkəmli pedaqoq unudulmaz şəxsiyyətlərimizdən İsmayıl Şıxlının, Şıxəli Qurbanovun müəllimi kimi, onlardan qürurla danışırdı. Xüsusilə, İsmayıl Şıxlı “Dəli Kür” romanını yazanda Qori Müəllimlər Seminariyası ilə əlaqədar bəzi məlumatları Əhməd Seyidovdan almışdı. Yeri gəlmişkən xatırladaq ki, İ.Şıxlı Qori Seminariyasındakı ictimai-siyasi mühiti, Semyonov, Çernyayevski kimi pedaqoqların azərbaycanlı tələbələrə münasibətini öyrənmək istəyirdi. “Rus Əhməd” obrazı da yaranmalı idi. Professor gələcək roman müəllifinə materiallar verir, maraqlı əhvalatlar söyləyirdi. Amma Əhməd Seyidov bir arzusunu gizlətmədi: insan xarakterinin mənfi, yaxud müsbət xüsusiyyətlərində doğulduğu, böyüdüyü təbiətin rolunu əyaniləşdirsin. Müdrik İsmayıl Şıxlı müəlliminə nikbin cavab verdi, əsəri tamamladı və bir nüsxəsini avtoqrafla professora bağışladı. Ə.Seyidov isə seminarist Əşrəf Cahandar ağa oğlunu bir obraz olaraq alqışladı, Kürü ilə, Qarayazı ilə…

Professor Əhməd Seyidov səhhətilə bağlı Bakıdan doğma Aslanbəyli kəndinə gəldi. Torpaq idi onu çəkən. Onun gəlişini eşidənlər, qonşu kəndlərdən – Şıxlı, Kosalar, Salahlı, Daş Salahlı, Orta Salahlı, Muğanlıdan axışır, qocaman pedaqoqun görüşünə can atırdılar. Maraqlı həm də o idi ki, 20-ci illərdə Qazaxda dərs dediyi uşaqlar daha çox idi, indi onların özü yaşa dolmuşdularsa, “uçitel Əhməd Seyidova” qulluq göstərmək səadətinə nəsib olmuşdular.

Professor, əməkdar elm xadimi, pedaqoji fikir tarixinin patriarxı Əhməd Seyidov 1977-ci ildə gözlərini əbədiyyətə yumdu və Aslanbəyli kəndində dəfn edildi.